Könlüm quşu qanad çalmaz sənsiz bir an, Azərbaycan
Xoş günlərin getmir müdam xəyalımdan, Azərbaycan.
Şəhriyarın ürəyi də səninkitək yaralıdır,
Azadlıqdır mənə məlhəm, sənə dərman, Azərbaycan!

Ən yeni kitablar


...
Ustad Şəhriyarın albomu

Şəhriyarın həyatının müxtəlif dövrlərini əks etdirən fotoşəkillər

Kitab oxuyun
...
Şəhriyarın dünyəvi vəsiyyətləri

Əhməd Reza Yalameha

Kitab oxuyun
...
Şəhriyar Bakıya niyə gələ bilmədi?

Dosent Zaur Əliyevin yazısı.

Kitab oxuyun
...
Böyük Ustadın əsərlərinin külliyatı

None

Kitab oxuyun

Ən yeni şeirlər

Haqqın səsi (Tərcümə edilib)

Bu nurani dünya, pirani dünya,
Əzəldən meyvəli bir bağa banzər.
Bəşərin qocaman sərt ağacında
Hər insan bir gülə, yarpağa bənzər.

Yarpaqlar, budaqlar ayrı olsa da,
Bu dünya bağının bəhəri birdir.
Udduğu hava bir, icdiyi su bir,
Yerdən şirə çəkən kökləri birdir.

Budaq heç yaşarmı budaqdan ayrı,
Ömr edə bilərmi insan insansız?
O doğma gülşəndən, o bağdan ayrı
İnsan xəzəl kimi ölüdür yalnız!

Mənə elə gəlir: hardasa, kimsə
Bir insan ömrünə qələm çəkirsə,
Özü də bilmədən yüz qan salır o,
Bəşər ağacına balta çalır o.

Bir insan köçürsə dünyadan əgər,
Sən elə bilmə ki, tək bir can gedir.
Hər sönən baxışda saysız diləklər,
Hər kiçik tabutda bir cahan gedir.

O gedir... qalırıq biz yana-yana,
Bu dərdi ürəkdə daşımaq çətin.
Hər gün yer üstündən yerin altına
Köçür bir parcası bəşəriyyətin.

Bəşər dedikləri vahid bir bədən,
Bəs nədən düşübdür ürəklər ayrı?
İnsan cəmiyyəti yaranan gündən
Yollar, təriqətlər, məsləklər ayrı...

Bəlkə buna görə biganəyik biz,
Bəlkə buna görə divanəyik biz?
Bəlkə buna görə ürəyi daşıq,
İnsanı insandan oğurlarmışıq!

Bir kiçik budağı qıranda rüzgar,
Budaq qan-yaş tökər, ağac qan ağlar.
Bir durna ayrılsa öz qatarından,
Qatar mənziləcən gedər pərişan.

Bəs bir durna qədər olmadıqmı biz?
Neçin buza döndü qaynar qəlbimiz?
Axı biz hamımız yaxın sirdaşıq,
Atabir, anabir doğma qardaşıq.

Eynidir havamız, suyumuz bizim,
Eyni torpaqdandır mayamız bizim.
Yoğurub yapanda xüqotimizi,
Eyni gözdə görüb təbiət bizi.

Heç kəsi heç kəsdən əskik etməyib,
Heç bir balasını ana atmayıb.
Sən ey qılınc çəkib, nahaq qan tökən,
Kimə qaldırırsan o qılıncı sən?

Seyr et, qarşındakı can sirdaşındır,
İnsandır, deməli qan qardaşındır.
Nədir bu azğınlıq, bu qudurğanlıq?
O qanlı səngəri seyr et bir anlıq.

Atanın qanıdur, axır dəmbədəm,
Düşmən sandığının sinələrindən.
Təbiət - o böyük ağ saçlı ata,
Bizi bəxş edəndə bu kainata.

Can verdi, qan verdi, qeyrət verdi o,
Bizə insaf verdi, mürvət verdi o.
Bizə əl verdi ki, imdada çataq,
Yıxılan bir kəsin qolundan tutaq.

Bizə ağıl verdi - vicdanlı, mətin,
Dərk edək dərdini bəşəriyyətin.
Sussun o ürək ki, buzdan soyuqdur,
Üzülsün o qol ki, yardımı yoxdur.

Kor olsun o göz ki, alovlanmaya,
Bir insan könlünə işıq salmaya.
İnsan dərdlərinə biganə insan
Quru bir kötükdür başdan, binadan.

Bu qoca dünyanın seyrinə sən gəl,
Təbiət nə qədər gözəl, mükəmməl...
Necə mehribandır çöldə çiçəklər,
Eyni səmtə əsir əsən küləklər.

Çöllərdə ceyranlar dəstəylə gedir,
Dənizdə ləpələr qol-qola verir.
Yeddi qardaş ulduz - işıqlı, iri,
Hələ bircə dəfə küsməyib biri.

İnsan da dünyada - bir çiçək, bir quş,
Onun da xilqəti belə saf olmuş.
Bəs hardan yarandı ikitirəlik?
Haçan zəhərləndi bu qan, bu ilik?

Nədir bu canilik, bu ölüm, bu qan?
Biz ki təmiz idik başdan, binadan.
Bizim qəlblərimiz birləşsə əgər,
İnsan hər ulduzdan parlaq görünər!

Sən ey mələk qədər müqəddəs insan,
Ey adı Günəşlə qoşa dayanan! 
Neçin mələk ikən iblisə döndün,
Qızıl Günəş ikən qaraldın, söndün?

Zülmətə çevrildin sən bir nur ikən,
Bataqlıq yaratdın saf, büllur ikən.
Dünyaya od-alov tökürsən bu gün,
Dünən qurduğunu sökürsən bu gün.

Göydə ulduzlara sığal çəkirsən,
Fəqət yer üzündə zindan tikirsən. 
Baxıram əynində təzə paltara,
Zahirin parlaqdır, batinin qara.

Başında kamalın, biliyin də var,
Daha dəhşətlidir bilikli xunxar.
Biliksiz olmağın bəlası birdir,
Bilikli canilik daha betərdir. 

Hansı mərtəbəyə gör çatıb bəşər,
Silahlanıb fitnə, yaraqlanıb şər.
Boynunda qalstuk əlində silah,
İnsan qiyafəli yırtıcı timsah.

Üzdə mədh eləyir mədəniyyəti,
Ancaq batindəsə fikri, niyyəti,
Dağıtmaq, qoparmaq, parçalamaqdır,
Sözü ipək kimi, dişi - bıçaqdır. 

Gecələr dalıram gur şəhərlərə,
Gecələr bənzəyir al səhərlərə.
Heyhat, göz güldürən bu işıq, bu nur,
Onun silahında ölüm, qan olur.

Deyin, bununçünmü Edison məgər,
Əlləşdi, vuruşdu bütün gecələr?
Hələ dəryalarca insan qəmləri,
Daxau, Buhenvald cəhənnəmləri!

Hələ canilərin çoxusu diri,
Hələ Əhrimənlər, Hitlerlər sağdır.
Bəs hansı qüdrətin polad əlləri,
Onları dünyadan qoparacaqdır?!

Neçin tərlan kimi havalanmayaq?
Bütün yer üzünü vətən sanmayaq?
Qınına çəkilmiş tısbağa kimi,
Yaşamaq insana eyib deyilmi?

Gözləri nə qədər dardı onların,
Bir qarış yer üstə boğuşanların!
Bir anlıq əl saxla, düşün, Ey İnsan,
Axı nədən ötrü vurhavurdasan?

Bir bax ətrafına, gör dünya nədir?
Sonu görünməyən bir xəzinədir.
Nə zəngin yaratmış ana təbiət,
Torpaqda səxavət, suda səxavət.

Almalı-armudlu bu bağlar sənin,
Səadət qaynaqlı bulaqlar sənin,
Gör, dünya səninçün nələr saxlayır,
Daşlar öz bağrında gövhər saxlayır.

Sənindir ağ saçlı şəlalələr də,
Gözləri al çanaq, tər lalələr də.
Sağımız-solumuz gümüşdür, zərdir,
Dünyanın sərvəti dünya qədərdir.

Azadlıq deyirdik, azadlıq hələ,
Həyatda bizimçün birinci pillə.
Hələ göy üzündə neçə sərhəd var,
Açsın əsrarını aylar, ulduzlar. 

Bizə Yer kürəsi dar bir qəfəsdir,
Yetər bu qəfəsdə yaşamaq. Bəsdir!
Qalxaq ulduzlara, aylara qalxaq,
Dünyaya uca bir zirvədən baxaq.

Kainat insanın uçuş meydanı,
İnsan - kainatın zəka tərlanı.
Buludlar - açılan qanadlarımız,
Kəhkəşan - ucalıq iqtidarımız.

Heyf, bu mətləbi bilməyənlər var,
İnsan harayına gəlməyənlər var.
Hələ gör nə qədər yetim-yesirlər
Şaxtada titrəşir, qarda əsirlər.

Qolları qandallı igidlər min-min,
Gəmirir daşını dar məhbəslərin.
Hələ fitnə-fəsad qovulmamışdır,
Zalimlərin burnu ovulmamışdır.

Hələ neçə xəyal ələk-fələkdir,
Ən böyük dərd isə biganəlikdir.
Bizim qəlblərimiz birləşsə əgər,
İnsan hər ulduzdan parlaq görünər!

Birləşsə cahanda milyard ürəklər,
Bütün arzulara yetişər bəşər!

 

 

 

 

 

Sınmış rübab

Bir bənövşə teli qopsa könül sızlar rübab kimi,
Bu həyatın ümmanında hər ömür bir hübab kimi.

Qan ağlatdın ürəyimi, üstəlik də tənə vurma,
Sındırdığın bu şüşədən qan axar al şərab kimi.

Peyğəmbərin qılıncından deyirlər ay parçalanıb,
Tel altından üzün gülür qırılmış afitab kimi.

Saçlarının burma-burma sındırırsan, ey nazənin,
Gözlərimdə dalğalanır, sayrıyır bir sərab kimi.

Oynatdıqca saçlarının burumları xəyalımı,
Göz yaşlarım çəkiləydi tellərinə gülab kimi.

Bəsdir, sinəm sipər oldu min sərgüzəşt dalğasına,
Çıx bu evdən, silkələnir dünya xanəxərab kimi.

Sınıb dağılsa da dünya, sındırmaram peymanımı,
Su üstündə yad əlindən düşüb sınan bir qab kimi.

Mən ki könül şikəstəmi oxuyuram "Mahur" üstə,
İnildəyir Səba sazı şikəstəmə cavab kimi.

Uçuq, köhnə dəyirmana bənzərin var, ey Şəhriyar,
Təbin sənə qan ağladır çəkilməz bir əzab kimi.

Dodağından

O gecə ki, mən sorurdum qənd o yarın dodağıdan,
Göz yaşımı qəndlə içdim şux nigarın dodağından.
Dodağıma yetib indi dodağından ayrı canım,
Bir xoş xəbər eşidəydim xəbərdarın dodağından.

Sözün ki, can qiyməti var, qafil olma, dəli könül,
Söz almırsan, can alırsan bir qəmxarın dodağından.
Nə vaxtdandır öpməmişəm o qızılgül yarpağını,
Gül eşqiylə çox öpmüşəm tikanların dodağından.

Düsdüm hicran soyuğuna, ürəyimdə dərd ocağı,
Qara saçın tez ağardı vaxtsız qarın dodağından.
Həsrətinə can vermərəm, ümid varsa vüsalına,
Ölüm hökmü yoxdur hələ sitəmkarın dodağından.

Xəlvət gecə ikilikdə qəzəl dedik, gülqənd yedik,
Sanki şəbnəm səpilirdi ilk baharın dodağından.
Mən qocalmış bir ağacam, kəsilməmiş fəqət barım,
İçmişəm öz bar suyumu o novbarın dodağından.

Ayrılanda saçlarının ucu dəydi dodağıma,
Daddım hicran zəhərini cüt şahmarın dodağından.
İxtiyarım yoxdur mənim onsuz köçəm bu dünyadan,
Adı düşməz mənim təki ixtiyarın dodağından.

Qəzəl xoşdur hər oxuyan ondan dodaq şehdi içə,
Daha xoşdur eşidəsən gülüzarın dodağından.
Külək oğru an kimi bal qaçırmış ondan yəqin,
Çox eşitdim tərifini xoş rüzgarın dodağından.

Nə olsun ki, Çin müşküylo qara saçlar sığallanır,
O dodağın ətri getməz Şəhriyarın dodağından.

Ayın qucağı

Qara bulud arasında on dörd günlük ay tapmışam,
Asiman əzəlki deyil,billurdan saray tapmışam.

Yolum Allah səmtinədir,başqa bir yol tanımıram,
Allah qismətimdən savay hər nə tapsam,zay tapmışam.

Yanılmışam,bir ağ gülün gözündəymiş baxtım mənim,
Kipriyindən ox saçılan bir qaşları yay tapmışam.

Ah çəkirdim, könlüm quşu asimanda yalqız idi,
Göy ahımdan ayazıdı,yalqızıma tay tapmışam.

Dərd əlindən göz götürüb,əl üzmüşdüm bu dünyadan,
Baxtınuca yuvasında bir tapılmaz pay tapmışam.

Bir damcıya möhtac idim,qurumuşdu bağça-bağım,
Gulzarımı suvarmağa çeşmə nədir, çay tapmışam.

Şəhriyarın qapısını bir də döyməz dərdin əli,
Kölgəsi çiynimə düşən əfsunlu humay tapmışam.