Poemalar

Heydərbabaya Salam poeması

Poema əslində şairin uşaqlıq yaddaşında yaşayan ucqar bir kəndin xiffəti ilə yazılsa da, bütöv Vətən haqqında dastan kimi oxunur. "Heydərbabaya salam" əsəri 2003-cü ilin mart ayında Təbrizdə nəşr olunmuşdur. Həmin nəşrə müqəddimə yazmış alimlər – Mehdi Rövşənzəmir və Əbdüləli Karəng onu yüksək qiymətləndirib, bu poemanın dünya ədəbiyyatının bir sıra nadir əsərləri ilə eyni səviyyədə dayandığını göstəriblər.
Şəhriyar "Heydərbabaya salam" əsəri ilə Azərbaycan türkünün milli həyatını bütün cəhətləri ilə göstərməyə müvəffəq ola bilmişdir. Bəzilərinin dediyi kimi, bu əsər qısa bir zaman fasiləsində yaranmayıb. Bu əsər illərdən bəri Vətəndən ayrı düşmüş, Vətən həsrəti, Vətənə qovuşmaq arzusu ilə yaşayan, Vətən üçün qəlbi yanan Şəhriyarın ürəyində dönə-dönə təkrarlanmış və yalnız anasının Tehrana gəlişindən sonra qələmə alınıb.
Sadə bir formada yazılan poema hələ əlyazma şəklində yayılaraq şöhrət tapmış və dövrün ziyalılarının diqqətini özünə cəlb edib. Poema iki hissədən ibarətdir. Şəhriyar poemanın birinci hissəsini Tehranda, ikinci hissəsini isə Təbrizdə yazıb.Əsərin birinci hissəsi 1952-ci ildə tamamlanmışdır. Şəhriyarın həyatından göründüyü kimi 1952-ci ildə anasının ölümündən sonra o, Tehranı tərk edərək Təbrizə yola düşür. Düzdür, mənbələrdə Şəhriyarın İranın digər şəhərlərinə, xüsusilə Şiraza getmək fikrində olduğunu qeyd edirlər. Lakin, ata-baba yurdunun şirin xatirələri ilə yaşayan, "Heydərbabaya salam" kimi bir poema yazan, daim təəssübkeşlik mövqeyindən çıxış edən Şəhriyar məhz Təbrizə üz tuta bilərdi. M.Rövşənzəmir bu haqda yazırdı: "Heydərbaba dağı bir gün yerlə-yeksan ola bilər, yer üzərindən silinə bilər. Ancaq nə qədər ki, Azərbaycan xalqının həssas qəlbi döyünür, Şəhriyarın bu şeri nəsildən-nəsilə ötürüləcək və yaddaşda qalacaq".1954-cü ildə "Heydərbabaya salam" əsərinin Təbrizdə nəşr olunmuş ilk çapına ikinci müqəddimə yazan Əbdüləli Karəng olub.Əbdüləli Şəhriyarın ən yaxın dostlarından biri və Azərbaycanın əski abidələrinin tədqiqatçısı, bir çox kitabların müəllifidir. Ə.Karəng poemaya yazdığı müqəddimədə həm Şəhriyar dühasının böyüklüyündən, həm də poemanın xüsusi məziyyətlərindən söhbət açır.Həmin kitabda araq doğuran cəhətlərdən biri də "Heydərbabaya salam" poemasında işlədilmiş şəxs və yer adı göstəricilərinin izahatı ilə əlaqədardır. Həmin izahlar say etibarilə 74 izahat şəklində qruplaşdırılıb və demək olar ki, poemanın birinci hissəsində bütün adlar izah olunaraq oxucunun poema boyu heç bir çətinlik çəkmədən göstərilən şəxs və yer haqqında tam məlumatlanmasına imkan yaradır. Bu izahatlar Şəhriyarın dili ilə verilir. Lakin kitabda həmin izahlar Mirzə Tahir Xoşnevisin xətti ilə yazılıb. Poemadakı şəxs və məkan adlarının izahını ustad Şəhriyar nəql edərək, Mirzə Tahir isə qələmə alıb.

BİRİNCİ HİSSƏ

Heydərbaba, ildırımlar çaxanda,
Sellər, sular şaqqıldayıb axanda,
Qızlar ona səf bağlayıb baxanda,
Salam olsun şövkətüzə, elüzə,
Mənim də bir adım gəlsin dilüzə.

Heydərbaba, kəhliklərin uçanda,
Kol dibindən dovşan qalxıb qaçanda,
Baxçaların çiçəklənib acanda,
Bizdən də bir mümkün olsa yad elə,
Açılmayan ürəkləri şad elə.

Bayram yeli çardaxları yıxanda,
Novruzgülü, qar çiçəyi çıxanda,
Ağ buludlar köynəklərin sıxanda,
Bizdən də bir yad eləyen sağ olsun,
Dərdlərimiz qoy dikəlsin, dağ olsun.

Heydərbaba, gün dalıvı dağlasın,
Üzün gülsün, bulaqların ağlasın,
Uşaqların bir dəstə gül bağlasın,
Yel gələndə, ver gətirsin bu yana,
Bəlkə mənim yatmış bəxtim oyana.

Heydərbaba, sənin üzün ağ olsun,
Dörd bir yanın bulaq olsun, bağ olsun,
Bizdən sora sənin başın sağ olsun,
Dünya qəzəv-qədər, ölüm-itimdi,
Dünya boyu oğulsuzdu, yetimdi.

Heydərbaba, yolum sənnən kəc oldu,
Ömrüm keçdi, gələmmədim, gec oldu,
Heç bilmədirn gözəllərin nec oldu,
Bilməz idim döngələr var, dönüm var,
İtginlik var, ayrılıq var, ölüm var.

Heydərbaba, igid əmək itirməz,
Ömür keçər, əfsus bərə bitirməz,
Namərd olan ömrü başa yetirməz,
Biz də, vallah, unutmarıq sizləri,
Görəmməsək, halal edin bizləri.

Heydərbaba, Mirəjdər səslənəndə,
Kənd içinə səsdən-küydən düşəndə,
Aşıq Rüstəm sazın dilləndəndə,
Yadmdadı nə hövləsək qaçardım?
Quşlar təkin qanad çalıb uçardım.

Şəngülava yurdu, aşıq alması,
Gah da gedib orda qonaq qalması,
Daş atması, alma-heyva salması
Qalıb şirin yuxu kimi yadımda,
Əsər qoyub ruhumda, hər zadımda.

Heydərbaba, Quru gölün qazları,
Gədiklərin sazax çalan sazları,
Kənd-kövşənin payızları, yazları,
Bir sinema pərdəsidir gözümdə,
Tək oturub, seyr edirəm özüm də.

Heydərbaba, Qaraçəmən caddası,
Çovuşların gələr səsi, sədası,
Kərbəlaya gedənlərin qadası
Düşsün bu ac, yolsuzların gözünə,
Təməddünün uyduq yalan sözünə.

Heydərbaba, şeytan bizi azdırıb,
Məhəbbəti ürəklərdən qazdırıb,
Qara günün sərneviştin yazdırıb,
Salıb xalqı bir-birnin canına,
Barışığı bələşdirib qanına.

Göz yaşına baxan olsa, qan axmaz,
İnsan olan, xəncər belinə taxmaz,
Amma heyif, kor tutduğun buraxmaz,
Behiştimiz cəhənnəm olmaqdadır,
Zilhiccəmiz məhərrəm olmaqdadır.

Xəzan yeli yarpaqları tökəndə,
Bulud dağdan yenib kəndə çökəndə,
Şeyxülislam gözəl səsin çəkəndə,
Nisgilli söz ürəklərə dəyərdi,
Ağaclar da Allaha baş əyərdi.

Daşlı bulaq daş-qumunan dolmasın,
Baxçaları saralmasın, solmasın,
Ordan keçən atlı susuz olmasın,
Deynə, bulaq, xeyrin olsun, axarsan,
Üfuqlərə xumar-xumar baxarsan.

Heydərbaba, dağın, daşın sərəsi,
Kəhlik oxur, dahlısında fərəsi,
Quzuların ağı, bozu, qərəsi,
Bir gedəydim dağ-dərələr uzunu,
Oxuyaydım: "Çoban, qaytar quzunu".

Heydərbaba, Sulu yerin düzündə,
Bulaq qaynar çay-çəmənin gözündə,
Bulaqotu üzər suyun üzündə,
Gözəl quşlar ordan gəlib keçərlər,
Xəlvətləyib bulaqdan su içərlər.

Biçin üsrü sünbül biçən oraqlar,
Elə bil ki, zülfü darar daraqlar,
Şikarçılar bildirçini soraqlar,
Biçincilər ayranların içərlər,
Bir huşlanıb, sondan durub biçərlər.

Heydərbaba, kəndin günü batanda,
Uşaqların şamın yeyib yatanda,
Ay buluddan çıxıb qaş-göz atanda
Bizdən də bir sən onlara qissə de,
Qissəmizdə çoxlu qəmü qüssə de.

Qarı nənə gecə nağıl deyəndə,
Külək qalxıb qap-bacanı döyəndə,
Qurd keçinin Şəngülüsün yeyəndə
Mən qayıdıb bir də uşaq olaydım,
Bir gül açıb ondan sora solaydım.

Əmməcanın bal bəlləsin yeyərdim,
Sondan durub üs donumu geyərdim,
Baxçalarda tiringəni deyərdim,
Ay özümü o əzdirən günlərim,
Ağac minib, at gəzdirən günlərim.

Həçi xala çayda paltar yuyardı,
Məmmədsadıq damlarını suvardı,
Heç bilməzdik dağdı, daşdı, duvardı,
Hər yan gəldi, şıllaq atıb aşardıq,
Allah, nə xoş, qəmsiz-qəmsiz yaşardıq!

Şeyxülislam münacatı deyərdi,
Məşəd Rəhim ləbbadəni geyərdi,
Məşd Hacəli bozbaşları yeyərdi,
Biz xoş idik, xeyrat olsun, toy olsun,
Fərq eyləməz, hər nolacaq, qoy olsun.

Məlik Niyaz vərəndilin salardı,
Atın çapıb, qıyqacıdan çalardı,
Qırğı təkin gədik başın alardı.
Dolayıya qızlar açıb pəncərə,
Pəncərələrdə nə gözəl mənzərə!

Heydərbaba, kəndin toyun tutanda,
Qız-gəlinlər həna, piltə satanda,
Bəy gəlinə damnan alma atanda,
Mənim də o qızlarında gözüm var,
Aşıqların sazlarıda sözüm var.

Heydərbaba, bulaqların yarpızı,
Bostanların gülbəsri, qarpızı,
Çərçilərin ağ nabatı, saqqızı
İndi də var damağımda, dad verər,
İtgin gedən günlərimdən yad verər.

Bayram idi, gecəquşu oxurdu,
Adaxlı qız bəy corabın toxurdu,
Hər kəs şalın bir bacadan soxurdu,
Ay nə gözəl qaydadı şal sallamaq,
Bəy şalına bayramlığın bağlamaq.

Şal istədim mən də evdə ağladım,
Bir şal alıb tez belimə bağladım,
Qulamgilə qaşdım, şalı salladım,
Fatma xala mənə corab bağladı,
Xan nənəmi yada salıb ağladı.

Heydərbaba, Mirzəmmədin baxçası,
Baxçaların turşaşirin alçası,
Gəlinlərin düzmələri, taxçası,
Hey düzülər gözlərimin rəfində,
Xeymə vurar xatirələr səfində.

Bayram olub, qızıl palçıq əzərlər,
Naxış vurub, otaqları bəzərlər,
Taxçalarda düzmələri düzərlər,
Qız-gəlinin fındıqçası, hənası,
Həvəslənər anası, qaynanası.

Bakıçının sözü-sovu, kağızı,
İnəklərin bulaması, ağızı,
Çərşənbənin girdəkanı, mövizi,
Qızlar deyər: "Atıl-matıl, çərşənbə,
Ayna təkin bəxtim açıl, çərşənbə".

Yumurtanı göyçək, güllü boyardıq,
Çaqqışdırıb sınanların soyardıq,
Oynamaqdan bircə məgər doyardıq?
Əli mənə yaşıl aşıq verərdi,
İrza mənə novruzgülü dərərdi.

Novruzəli xərməndə vəl sürərdi,
Gahdan enib küləşlərin kürərdi.
Dağdan da bir çoban iti hürərdi,
Onda gördün ulaq ayaq saxladı,
Dağa baxıb qulaqların şaxladı.

Axşam başı naxırçılar gələndə,
Qoduqları çəkib vurardıq bəndə,
Naxır keçib gedib yetəndə kəndə
Heyvanları çılpaq minib qovardıq,
Söz çıxsaydı, sinə gərib sovardıq.

Yaz gecəsi çayda sular şarıldar,
Daş-qayalar seldə aşıb xarıldar,
Qaranlıqda qurdun gözü parıldar,
İtlər, gördün, qurdu seçib ulaşdı,
Qurd da, gördün, qalxıb gədikdən aşdı.

Qış gecəsi tövlələrin otağı,
Kətillərin oturağı, yatağı,
Buxanda yanar odun yanağı,
Şəbçörəsi, girdəkanı, iydəsi,
Kəndi basar gülüb-danışmaq səsi.

Şüca xaloğlunun Bakı sovqəti,
Damda quran samavarı, söhbəti,
Yadımdadı şəsli qəddi, qaməti,
Cünəmməyin toyu donüb yas oldu,
Nənəqızın bəxt aynası kas oldu.

Heydərbaba, Nənəqızın gözləri,
Rəxşəndənin şirin-şirin sözləri,
Türki dedim, oxusunlar özləri,
Bilsinlər ki, adam gedər, ad qalar,
Yaxşı-pisdən ağızda bir dad qalar.

Yaz qabağı gün güneyi döəndə,
Kənd uşağı qar güllərin sövəndə,
Kürəkçilər dağda kürək züvəndə,
Mənim ruhum elə bilin ordadır,
Kəhlik kimi batıb qalıb, qardadır.

Qan nənə uzadanda işini,
Gün buludda əyirərdi teşini,
Qurd qocalıb çəkdirəndə dişini,
Sürü qalxıb dolayıdan aşardı,
Baydaların südü aşıb-daşardı.

Xəccəsultan əmmə dişin qısardı,
Molla Bağır əmoğlu tez mısardı,
Təndir yanıb, tüstü evi basardı,
Çaydanımız ərsin üstə qaynardı,
Qovurğamız sac içində oynardı.

Bostan pozub gətirərdik aşağı,
Doldurardıq evdə taxta-tabağı,
Təndirlərdə bişirərdik qabağı,
Özün yeyib, toxumların çırtdardıq,
Çox yeməkdən lap az qala çatdardıq.

Vərzəğandan armudsatan gələndə,
Uşaqların səsi düşərdi kəndə,
Biz də bu yandan eşidib biləndə,
Şıllaq atıb bir qışqırıq salardıq,
Buğda verib armudlardan alardıq.

Mirzə Tağıynan gecə getdik çaya,
Mən baxıram seldə boğulmuş aya,
Birdən işıq düşdü o tay baxçaya,
"Eyvay, - dedik, - qurddu". Qayıtdıq qaşdıq.
Heç bilmədik nə vaxt gədikdən aşdıq.

Heydərbaba, ağacların ucaldı,
Amma heyif cavanların qocaldı,
Toğluların arıqtayıb acaldı,
Kölgə döndü, gün batdı, qaş qərəldi,
Qurdun gözü qaranlıqda bərəldi.

Eşitmişəm yanır Allah cırağı,
Dair olub məscidüzün bulağı,
Rahat olub kəndin evi, uşağı,
Mənsur xanın əli-qolu var olsun,
Harda qalsa, Allah ona yar olsun.

Heydərbaba, Molla İbrahim var, ya yox?
Məktəb açar, oxur uşaqlar, ya yox?
Xərmən üstü məktəbi bağlar, ya yox?
Məndən axunda yetirərsən salam,
Ədəbli bir salami-malakəlam.

Xəccəsultan əmmə gedib Təbrizə,
Amma nə Təbriz ki, gələmmir bizə,
Balam, durun, qoyaq gedək əmmizə,
Ağa öldü, tifağımız dağıldı,
Qoyun olan yad gedibən sağıldı.

Heydərbaba, dünya yalan dünyadı,
Süleymandan, Nuhdan qalan dünyadı,
Oğul doğan, dərdə salan dünyadı,
Hər kimsəyə hər nə verib alıbdı,
Əflatundan bir quru ad qalıbdı.

Heydərbaba, yar-yoldaşlar döndülər,
Bir-bir məni çöldə qoyub çöndülər,
Çeşmələrim, çıraqlaım söndülər,
Yaman yerdə gün döndü, axşam oldu,
Dünya mənə xərabəyi-Şam oldu.

Əmoğluynan gedən gecə Qıpçağa,
Ay ki çıxdı, atlar gəldi oynağa,
Dırmaşırdıq, dağdan aşırdıq dağa,
Məş Məmixan göy atını oynatdı,
Tüfəngini aşırdı şaqqıldatdı.

Heydərbaba, Qara gölün dərəsi,
Xoşginabın yolu, bəndi, bərəsi,
Orda düşər çil kəhliyin fərəsi,
Ordan keçər yurdumuzun özünə,
Biz də keçək yurdumuzun sözünə.

Xoşginabı yaman günə kim salıb?
Seyidlərdən kim qırılıb, kim qalıb?
A Mirqafar dam-daşını kim alıb?
Bulaq genə gəlib gölü doldurur?
Ya quruyub, baxçaları soldurur?

A Mirqafar seyidlərin tacıydı,
Şahlar şikar etməsi qıyqacıydı,
Mərdə şirin, namərdə çox acıydı,
Məzlumların həqqi üstə əsərdi,
Zalimləri qılıc təkin kəsərdi.

Mirmustafa dayı, ucaboy baba,
Heykəlli, saqqallı, Tolstoy baba,
Eylərdi yas məclisini toy baba,
Xoşginabın abrusu, ərdəmi,
Məscidlərin, məclislərin görkəmi.

Məcdüssadat gülərdi bağlar kimi,
Guruldardı buludlu dağlar kimi,
Söz ağzında ərirdi yağlar kimi,
Alnı açıq, yaxsı, dərin qanardı,
Yaşıl gözlər çıraq təkin yanardı.

Mənim atam süfrəli bir kişiydi,
El əlindən tutmaq onun işiydi,
Gözəllərin axıra qalmışıydı,
Ondan sonra dönərgələr döndülər,
Məhəbbətin çıraqları söndülər.

Mirsalehin dəlisovluq etməsi,
Mirəzizin şirin şaxsey getməsi,
Mirməmmədin qurulması, bitməsi,
İndi desək, əhvalatdı, nağıldı,
Keçdi-getdi, itdi-batdı, dağıldı.

Mirəbdülün aynada qaş yaxması,
Cövcülərindən qaşının axması,
Boylanması, dam-divardan baxması,
Şah Abbasın dürbünü, yadəş bəxeyr,
Xoşginabın xoş günü, yadəş bəxeyr.

Sitarəmmə nəzikləri yapardı,
Mirqadir də hərdəm birin qapardı,
Qapıb, yeyib, dayça təkin çapardı,
Gülməliydi onun nəzik qappası,
Əmmənin də ərsininin şappası.

Heydərbaba, A Mirheydər neynəyir?
Yəqin genə samavarı qeynəyir.
Day qocalıb, alt əngiynən çeynəyir,
Qulaq batıb, gözü girib qaşına,
Yazıq əmmə, hava gəlib başına.

Xanım əmmə Mirəbdülün sözünü
Eşidəndə əyər ağız, gözünü,
Məlkamıda verər onun özünü,
Davaların şuxluğınan qatallar,
Əti yeyib, başı atıb yatallar.

Fizzə xanım Xoşginabın gülüydü,
A Miryəhya əmqızının quluydu,
Rüxsarə artist idi, sevgiliydi,
Seyidhüseyn Mirsalehi yamsılar,
A Mircəfər qeyrətlidir, qan salar.

Səhər tezdən naxırçılar gələrdi,
Qoyun-quzu dam-bacada mələrdi,
Əmməcanım körpələrin bələrdi,
Təndirlərin qovzanardı tüstüsü,
Çörəklərin gözəl iyi, istisi.

Göyərçinlər dəstə qalxıb uçallar,
Gün saçanda qızıl pərdə açallar,
Qızıl pərdə açıb, yığıb qaçallar,
Gün ucalıb, artar dağın cəlalı,
Təbiətin cavanlanar cəmalı.

Heydərbaba, qarlı dağlar aşanda,
Gecə karvan yolun azıb, çaşanda,
Mən hardasam, Tehranda, ya Kaşanda,
Uzaqlardan gözüm seçər onları,
Xəyal gəlib, aşıb keçər onları.

Bir çıxaydım Damqayanın daşına,
Bir baxaydım keçmişinə, yaşına,
Bir görəydim nələr gəlib başına,
Mən də onun qarlarıylan ağlardım,
Qış donduran ürəkləri dağlardım.

Heydərbaba, gül qönçəsi xəndandı,
Amma heyif, ürək qəzası qandı,
Zindəganlıq bir qaranlıq zindandı,
Bu zindanın dərbəçəsin açan yox,
Bu darlıqdan bir qurtulub qaçan yox.

Heydərbaba, göylər bütün dumandı,
Günlərimiz bir-birindən yamandı,
Bir-birizdən ayrılmayın, amandı,
Yaxşılığı əlimizdən alıblar,
Yaxşı bizi yaman günə salıblar!

Bir soruşun bu qarğınmış fələkdən,
Nə istəyir bu qurduğu kələkdən?
Deynə, keçirt ulduzları ələkdən,
Qoy tökülsün, bu yer üzü dağılsın,
Bu şeytanlıq qurğusu bir yığılsın!

Bir uçaydım bu çirpınan yelinən,
Bağlaşaydım dağdan aşan selinən,
Ağlaşaydım uzaq düşən elinən,
Bir görəydim ayrılığı kim saldı?
Ölkəmizdə kim qırıldı, kim qaldı?

Mən sənintək dağa saldım nəfəsi,
Sən də qeytər, göylərə sal bu səsi,
Bayquşun da dar olmasın qəfəsi,
Burda bir şir darda qalıb bağırır,
Mürüvvətsiz insanları çağırır.

Heydərbaba, qeyrət qanın qaynarkən,
Qaraquşlar sənnən qopub qalxarkən,
O sıldırım daşlarınan oynarkən,
Qovzan, mənim himmətimi orda gör,
Ordan əyil, qamətimi darda gör.

Heydərbaba, gecə durna keçəndə,
Koroğlunun gözü qara seçəndə,
Qıratını minib, kəsib-biçəndə,
Mən də burdan tez mətləbə çatmaram,
Eyvaz gətib çatmayınca yatmaram.

Heydərbaba, mərd oğullar döğginən,
Namərdlərin burunların ovginən,
Gədiklərdə qurdları tut boğginən,
Qoy quzular ayın-şayın otlasın,
Qoyunların quyruqların qatlasın.

Heydərbaba, sənin köylün şad olsun.,
Dünya varkən ağzın dolu dad olsun,
Səndən keçən tanış olsun, yad olsun,
Deynə: mənim şair oğlum Şəhriyar,
Bir ömürdür qəm üstünə qəm qalar.

İKİNCİ HİSSƏ

Heydərbaba, gəldim səni yoxluyam,
Bir də yatam, qucağında yuxluyam,
Ömrü qovam, bəlkə burda haxlıyam,
Uşaqlığa deyəm: bizə gəlsən bir,
Aydın günlər, ağlar yüzə gülsən bir!

Heydərbaba, çəkdin məni gətirdin,
Yurdumuza, yuvamıza yetirdin,
Yusifivi uşaq ikən itirdin,
Qoca Yəqub, itmişsəm də tapıbsan,
Qavalıyıb qurd ağzından qapıbsan.

Mən gördüyüm karvan çatıb köçübdü,
Ayrılığm şərbətini içibdi,
Ömrümüzün köçü burdan keçibdi,
Keçib gedib gedər-gəlməz yollara,
Tozu qonub bu daşlara, kollara.

Burda şirin xatirələr yatıblar,
Daşlarıylan başı başa çatıblar,
Aşnalığın daşın bizdən atıblar,
Mən baxanda qavzanıllar, baxıllar,
Bir də yatıb yandırıllar, yaxıllar.

Gedənlərin yeri burda görünür,
Xanım nənəm ağ kəfənin bürünür,
Dalımcadır, hara gedim sürünür:
- Bala, gəldin? Niyə belə gec gəldin?
Səbrim sənnən güləşdi, sən güc gəldin.

Qəbiləmiz burda qurub ocağı,
İndi olmuş qurd-quşların yatağı,
Gün batanda sönər bütün çırağı,
"Və bəldətin leysə ləha ənisu
İlləl yəafirə və iltəl-isu".

Zaman keçir, üfüqlərdə toz qalır,
Karvan kimi uzaqlarda toz salır,
Duman gəlir, yürəkləri çulğalır,
Ürək deyir: Zaman, keçmə, amandur,
Keçənlərdə gözüm var, bir dayan, dur!

Ruzigarın dəyirmanı firlanır,
Məxluq onun dişlərinə tullanır,
Bax ki, bəşər yenə necə allanır,
Həmişəlik şadlıq umur özünə,
Qəbri görür, toz qondurmur üzünə.

Köhnələrin sür-sümüyü dartılıb,
Qurtulanın çul-çuxası yırtılıb,
Molla İbrahim lap əriyib, qurtulub,
Şeyxülislam səhman qalıb, qıvraxdı,
Novruzəli qaçaq keçib, qoçaxdı.

Ahılları yetmiş kəfən çürüdüb,
Cahılları dünya qəmi kiridib,
Qız-gəlinlər ət-canların əridib,
Rəxşəndənin nəvə tutur əlini,
Nənəqızın kürəkəni, gəlini.

Çox şükrü var, yenə gəldux, görüşdux,
İtənlərdən, bitənlərdən soruşdux,
Küsmüşdux, Allah qoysa, barışdux,
Bir də görüş qismət ola, olmaya,
Ömürlərdə fürsət ola, olmaya.

Burda xəyal meydanları genişdi,
Dağlar, daşlar bütün mənlə tanışdı,
Görcək məni Heydərbaba danışdı:
- Bu nə səsdi, sən aləmə salıbsan,
Gəl bir görək özün harda qalıbsan?

Kəcavəylə bu çaydan çox keçmişik,
Bu çeşmələrdən nə sular içmişik,
Bu yoncalıqlarda kəsib biçmişik,
Çəpişləri qıdıxlayan günlərim,
Çəpiş kimi oynaxlayan günlərim.

Bu xırmanda "Aradanxır" oynardıq,
Comalaşıb qarışqatək qaynardıq,
Yavaş-yavaş baxçalarda ağnardıq,
Ağaclardan çilik-ağac kəsərdik,
Qoruqçunun qorxusundan əsərdik.

Bu tövlədə sarı inək doğardı,
Xanım nənəm inəkləri sağardı,
Ana iysi dam-divardan yağardı,
Mən buzovu qucaqlardım qaşmasın,
Deyərdi: - Bax, bayda dolsun daşmasın.

Bu damlarda çoxlu cızıq atmışam,
Uşaqların aşıqların udmuşam,
Qurquşunlu saqqa alıb satmışam,
Uşaq necə heç zadınan şad olar,
İndi bizim qəmi tutmur dünyalar.

Məktəb qalır, uşaqlar dərs alırlar,
Hey yazırlar, hey pozurlar, yalırlar,
Molla İbrahim özü, evi qalırlar,
Amma bizim yoldaşlardan qalan yox,
Bunlardan bir bizi yada salan yox.

Bir vaxtında bu məktəb pərgar idi,
Bir Müseyyib, bir Məmdəsən var idi,
Biri xəlfə, biri vərzişkar idi,
Axund bizlə oynamağa gedərdi,
Özü bizə oynamaq öyrədərdi.

Dedim, balam, o Məmdəsən nolubdu?
Məlum oldu tifil bala ölübdü,
Nə var, nə var, burnundan qan gəlibdi,
Bir yel əsir, baxırsan Məmdəsən yox,
Bu kənddə bir burun qanı kəsən yox.

Dedim, deyin Müseyyibə nə gəldi?
Qulam, gördüm, ağlar göz ilə gəldi,
Dedi: o da bahalıq düşdü, öldü,
Dedim, yazıq bizlə hasıl bölənlər,
Bitməyəndə aclarından ötənlər.

Bu məktəbdə şerin şəhdin dadmışam,
Axundun ağzından qapıb udmuşam,
Gahdan da bir axundu allatmışam,
- Başım ağrır, - deyib, qaçıb getmişəm,
Baxçalarda gedib gözdən itmişəm.

Azad olanda məkəobdən çıxardıq,
Hücum çəkib biri-birin sıxardıq,
Yolda hər nə gəldi, vurub yıxardıq,
Uşaq demə, ipin qırmış dana de,
Bir dana da demə, əlli dana de.

Məlikniyaz itkin gedib yox olub,
Mir Aslan xan səktə il yıxılıb,
Hərə qaçıb bir dərədə sıxılıb,
Çörək qəmi çıxıb xalqın ayına,
Hər kəs qalıb öz canının hayına.

Kəndli yazıq çıraq tapmır yandıra,
Görüm sizin bərqiz qalsın andıra,
Kim bu sözü ərbablara qandıra:
Nədir axır bu millətin günahı?
Tutsun sizi, görüm, məzlumlar ahı!

Hər nə alır baha verir qiyməti,
Ucuz fəqət əkinçinin zəhməti,
Bitənindən artıq biçən ücrəti,
Kənd uşağı gedir yolda işləyə,
Orda bəlkə qəndi tapa dişləyə.

Kəndli gəlin kimi dünyanı bəzər,
Öz övrəti yamaq-yamağa düzər,
İynə bəzər xalqı, özü lüt gəzər,
İndi də var çarsablar albaxdı,
Uşaqların qıç-paçası çılpaxdı.

Bu baxçada aş tərəsi əkərdik,
Hey su açıb kərdiyə göz dikərdik,
Çıxmaq həmin dərib asa tökərdik,
Fınqılışlar qaşıqlardan aslanı,
Yağlı desəm, quru ağzın islanı.

Bu döşlərdə quzuları yayardıq,
Axmasmlar, ulduz təkin sayardıq,
Quşqovanı çəkib daşa dayardıq,
Quşqovan da elə bil ki, qabandı,
Qurd uzaqdan deyr bəs ki, çobandı.

Xanım nənəm naxoş olan il idi,
Qış var ikən külək idi, yel idi,
Qış da çıxdı, yağış idi, sel idi,
Yük-yapını hey çatırdıq ki, gedax,
Sel küşgüdü, məcbur olduq qeyidax.

Neysan düşdü, biz də düşdük yağışa,
Kim bacarar sellər ilə boğuşa?
Hey deyirdik, bəlkə yağış yığışa,
Balakişi faytonçumuz gəlmişdi,
İmamiyyə qəhvəsində qalmışdı.

Bu zəmidə gedib gözdən itərdik,
Tonqal qurub sütülləri ütərdik,
Deyib, gülmək muradına yetərdik,
El də gülsün, muradına yetişsin,
Ürəklərin yaraları bitişsin.

Xəlvərçilər burda xəlvər daşırdı,
Bu küllükdən ulaqlar dırmaşırdı,
Sellər kimi nemət aşıb-daşırdı,
Hər iş dedin hər kimsəyə görərdi,
Can dərmam istəsəydin verərdi.

İndi bəşər ac qurd kimi uduxub,
Çömbələnti göz qıcırdıb duruxub,
Baxırlar ki, görsünlər kim sınıxıb,
Tökülsünlər onun leşin yırtsınlar,
Hərə bir diş ənsəsindən qırtsınlar.

Heydərbaba, səndə dəfinələr var,
Dağlar vədiəsi xəzinələr var,
Amma sənə bənzər də sinələr var,
Bu sinələr dağlar ilə danışır,
Dağlar kimi göylər ilə qonuşur.

Gör hardan mən sənə saldım nəfəsi,
Dedim qaytar sal aləmə bu səsi,
Sən də yaxşı simurq etdin məgəsi,
Sanki qanad verdin yelə, nəsimə,
Hər tərəfdən səs verdilər səsimə.

Heydərbaba, səni vətən bilmişdim,
Vətən deyib, baş götürüb gəlmişdim,
Səni görüb göz yaşımı silmişdim,
Halbuki, lap qəmli qürbət səndəymiş,
Qara zindan, acı şərbət səndəymiş.

Kim qaldı ki, bizə buğun burmadı,
Altdan-altdan bizə kələk qurmadı,
Bir mərd oğul bizə havar durmadı,
Şeytanları qucaqlayıb gəzdiz siz,
İnsanları ayaqlayıb, əzdiz siz.

Divar ucaldı, gün bizə düşmədi,
Zindan qaraldı, göz-gözü seşmədi,
Gündüz gözü mənim lampam keşmədi,
Sel də basdı, əmmiz dolub göl oldu,
Çox yazığın evi çönüb çöl oldu.

Əvvəl başı məndən istiqbal etdiz,
Sondan çönüb işimdə ixlal etdiz,
Öz zənnizcə ustadı iğfal etdiz,
Eybi yoxdur, keçər gedər ömürdür,
Qış da çıxar, üzüqara kömürdür.

Mənim yolum məhəbbət caddəsiydi,
Son sözlərim haqqın iradəsiydi,
Məhəbbətin risalət vədəsiydi,
Yoxsa məndə bir kəs ilə qərəz yox,
Siyasət adlı məndə bir mərəz yox.

Haqq nə deyir? Küfrə qarşı getməyiz,
Nurdan çıxıb zühnət içrə itməyiz,
Fırıldağa fırfıratək bitməyiz,
Gördüz də ki, olmadı küfrün dibi,
Pul da versə, almağa tikmiş cibi.

Şeytan bizim qəlbimizi çöndərib,
Allah deyən yoldan bizi döndərib,
İlanlı çeşməyə bizi göndərib,
Minnət qoyur ki, arxınız nəhr olub,
Biz görürük sular bizə zəhr olub.

Heydərbaba, gileylikdən nə çıxar?
Zülmün evin səbrli təhəmmül yıxar,
Dərviş olan səbrin əlin bərk sıxar,
Gəl qayıdaq, çıxaq Ağa düzünə,
Keçək yenə məhəbbətin sözünə.

Deynə uşaq bir-birilə saz olsun,
Bəlkə bu qış bir də çönüb yaz olsun,
Çay, çəmənlər ördək olsun, qaz olsun,
Biz də baxıb fərəhlənib bir uçaq,
Sınıq-salxaq qanadları bir açaq.

Bu baxçadan alçaları dərərdik,
Qış adına çıxıb damda sərərdik,
Hey də çıxıb yalandan çöndərərdik,
Qış zumarın yayda yeyib doyardıq,
Bir külli də minnət xalqa qoyardıq.

Evlər qalır, ev sahibi yox özü,
Ocaqların ancaq işıldar közü,
Gedənlərin az-çox qalıbdır sözü,
Bizdən də bir söz qalacaq, ay aman!
Kimlər bizdən söz salacaq, ay aman!

Bizdən sonra kürsülərin tovunda,
Kəndin nağıllarında, söz-sovunda,
Qan nənənin çaxmağında, qovunda,
Heydərbaba özün qatar sözlərə,
İçki kimi xumar verər gözlərə.

Aşıq deyər: Bir nazlı yar var imiş,
Eşqindən odlanıb yanar var imiş,
Bir sazlı, sözlü Şəhriyar var imiş,
Odlar sönüb, onun odu sönməyib,
Fələk çönüb, onun çarxı çönməyib.

Heydərbaba, alçaqların köşk olsun,
Bizdən sonra qalanlara eşq olsun,
Keçmişlərin gələnlərə məşq olsun,
Övladımız məzhəbini danmasın,
Hər içiboş sözlərə aldanmasın!

Aşıq deyər: Bir nazlı yar var imiş,
Eşqindən odlanıb yanar var imiş,
Bir sazlı, sözlü Şəhriyar var imiş,
Odlar sönüb, onun odu sönməyib,
Fələk çönüb, onun çarxı çönməyib.
Heydərbaba, alçaqların köşk olsun,

Bizdən sonra qalanlara eşq olsun,
Keçmişlərin gələnlərə məşq olsun,
Övladımız məzhəbini danmasın,
Hər içiboş sözlərə aldanmasın.

 

Şeirlər

Haqqın səsi (Tərcümə edilib)

Bu nurani dünya, pirani dünya,
Əzəldən meyvəli bir bağa banzər.
Bəşərin qocaman sərt ağacında
Hər insan bir gülə, yarpağa bənzər.

Yarpaqlar, budaqlar ayrı olsa da,
Bu dünya bağının bəhəri birdir.
Udduğu hava bir, icdiyi su bir,
Yerdən şirə çəkən kökləri birdir.

Budaq heç yaşarmı budaqdan ayrı,
Ömr edə bilərmi insan insansız?
O doğma gülşəndən, o bağdan ayrı
İnsan xəzəl kimi ölüdür yalnız!

Mənə elə gəlir: hardasa, kimsə
Bir insan ömrünə qələm çəkirsə,
Özü də bilmədən yüz qan salır o,
Bəşər ağacına balta çalır o.

Bir insan köçürsə dünyadan əgər,
Sən elə bilmə ki, tək bir can gedir.
Hər sönən baxışda saysız diləklər,
Hər kiçik tabutda bir cahan gedir.

O gedir... qalırıq biz yana-yana,
Bu dərdi ürəkdə daşımaq çətin.
Hər gün yer üstündən yerin altına
Köçür bir parcası bəşəriyyətin.

Bəşər dedikləri vahid bir bədən,
Bəs nədən düşübdür ürəklər ayrı?
İnsan cəmiyyəti yaranan gündən
Yollar, təriqətlər, məsləklər ayrı...

Bəlkə buna görə biganəyik biz,
Bəlkə buna görə divanəyik biz?
Bəlkə buna görə ürəyi daşıq,
İnsanı insandan oğurlarmışıq!

Bir kiçik budağı qıranda rüzgar,
Budaq qan-yaş tökər, ağac qan ağlar.
Bir durna ayrılsa öz qatarından,
Qatar mənziləcən gedər pərişan.

Bəs bir durna qədər olmadıqmı biz?
Neçin buza döndü qaynar qəlbimiz?
Axı biz hamımız yaxın sirdaşıq,
Atabir, anabir doğma qardaşıq.

Eynidir havamız, suyumuz bizim,
Eyni torpaqdandır mayamız bizim.
Yoğurub yapanda xüqotimizi,
Eyni gözdə görüb təbiət bizi.

Heç kəsi heç kəsdən əskik etməyib,
Heç bir balasını ana atmayıb.
Sən ey qılınc çəkib, nahaq qan tökən,
Kimə qaldırırsan o qılıncı sən?

Seyr et, qarşındakı can sirdaşındır,
İnsandır, deməli qan qardaşındır.
Nədir bu azğınlıq, bu qudurğanlıq?
O qanlı səngəri seyr et bir anlıq.

Atanın qanıdur, axır dəmbədəm,
Düşmən sandığının sinələrindən.
Təbiət - o böyük ağ saçlı ata,
Bizi bəxş edəndə bu kainata.

Can verdi, qan verdi, qeyrət verdi o,
Bizə insaf verdi, mürvət verdi o.
Bizə əl verdi ki, imdada çataq,
Yıxılan bir kəsin qolundan tutaq.

Bizə ağıl verdi - vicdanlı, mətin,
Dərk edək dərdini bəşəriyyətin.
Sussun o ürək ki, buzdan soyuqdur,
Üzülsün o qol ki, yardımı yoxdur.

Kor olsun o göz ki, alovlanmaya,
Bir insan könlünə işıq salmaya.
İnsan dərdlərinə biganə insan
Quru bir kötükdür başdan, binadan.

Bu qoca dünyanın seyrinə sən gəl,
Təbiət nə qədər gözəl, mükəmməl...
Necə mehribandır çöldə çiçəklər,
Eyni səmtə əsir əsən küləklər.

Çöllərdə ceyranlar dəstəylə gedir,
Dənizdə ləpələr qol-qola verir.
Yeddi qardaş ulduz - işıqlı, iri,
Hələ bircə dəfə küsməyib biri.

İnsan da dünyada - bir çiçək, bir quş,
Onun da xilqəti belə saf olmuş.
Bəs hardan yarandı ikitirəlik?
Haçan zəhərləndi bu qan, bu ilik?

Nədir bu canilik, bu ölüm, bu qan?
Biz ki təmiz idik başdan, binadan.
Bizim qəlblərimiz birləşsə əgər,
İnsan hər ulduzdan parlaq görünər!

Sən ey mələk qədər müqəddəs insan,
Ey adı Günəşlə qoşa dayanan! 
Neçin mələk ikən iblisə döndün,
Qızıl Günəş ikən qaraldın, söndün?

Zülmətə çevrildin sən bir nur ikən,
Bataqlıq yaratdın saf, büllur ikən.
Dünyaya od-alov tökürsən bu gün,
Dünən qurduğunu sökürsən bu gün.

Göydə ulduzlara sığal çəkirsən,
Fəqət yer üzündə zindan tikirsən. 
Baxıram əynində təzə paltara,
Zahirin parlaqdır, batinin qara.

Başında kamalın, biliyin də var,
Daha dəhşətlidir bilikli xunxar.
Biliksiz olmağın bəlası birdir,
Bilikli canilik daha betərdir. 

Hansı mərtəbəyə gör çatıb bəşər,
Silahlanıb fitnə, yaraqlanıb şər.
Boynunda qalstuk əlində silah,
İnsan qiyafəli yırtıcı timsah.

Üzdə mədh eləyir mədəniyyəti,
Ancaq batindəsə fikri, niyyəti,
Dağıtmaq, qoparmaq, parçalamaqdır,
Sözü ipək kimi, dişi - bıçaqdır. 

Gecələr dalıram gur şəhərlərə,
Gecələr bənzəyir al səhərlərə.
Heyhat, göz güldürən bu işıq, bu nur,
Onun silahında ölüm, qan olur.

Deyin, bununçünmü Edison məgər,
Əlləşdi, vuruşdu bütün gecələr?
Hələ dəryalarca insan qəmləri,
Daxau, Buhenvald cəhənnəmləri!

Hələ canilərin çoxusu diri,
Hələ Əhrimənlər, Hitlerlər sağdır.
Bəs hansı qüdrətin polad əlləri,
Onları dünyadan qoparacaqdır?!

Neçin tərlan kimi havalanmayaq?
Bütün yer üzünü vətən sanmayaq?
Qınına çəkilmiş tısbağa kimi,
Yaşamaq insana eyib deyilmi?

Gözləri nə qədər dardı onların,
Bir qarış yer üstə boğuşanların!
Bir anlıq əl saxla, düşün, Ey İnsan,
Axı nədən ötrü vurhavurdasan?

Bir bax ətrafına, gör dünya nədir?
Sonu görünməyən bir xəzinədir.
Nə zəngin yaratmış ana təbiət,
Torpaqda səxavət, suda səxavət.

Almalı-armudlu bu bağlar sənin,
Səadət qaynaqlı bulaqlar sənin,
Gör, dünya səninçün nələr saxlayır,
Daşlar öz bağrında gövhər saxlayır.

Sənindir ağ saçlı şəlalələr də,
Gözləri al çanaq, tər lalələr də.
Sağımız-solumuz gümüşdür, zərdir,
Dünyanın sərvəti dünya qədərdir.

Azadlıq deyirdik, azadlıq hələ,
Həyatda bizimçün birinci pillə.
Hələ göy üzündə neçə sərhəd var,
Açsın əsrarını aylar, ulduzlar. 

Bizə Yer kürəsi dar bir qəfəsdir,
Yetər bu qəfəsdə yaşamaq. Bəsdir!
Qalxaq ulduzlara, aylara qalxaq,
Dünyaya uca bir zirvədən baxaq.

Kainat insanın uçuş meydanı,
İnsan - kainatın zəka tərlanı.
Buludlar - açılan qanadlarımız,
Kəhkəşan - ucalıq iqtidarımız.

Heyf, bu mətləbi bilməyənlər var,
İnsan harayına gəlməyənlər var.
Hələ gör nə qədər yetim-yesirlər
Şaxtada titrəşir, qarda əsirlər.

Qolları qandallı igidlər min-min,
Gəmirir daşını dar məhbəslərin.
Hələ fitnə-fəsad qovulmamışdır,
Zalimlərin burnu ovulmamışdır.

Hələ neçə xəyal ələk-fələkdir,
Ən böyük dərd isə biganəlikdir.
Bizim qəlblərimiz birləşsə əgər,
İnsan hər ulduzdan parlaq görünər!

Birləşsə cahanda milyard ürəklər,
Bütün arzulara yetişər bəşər!

 

 

 

 

 

Sınmış rübab

Bir bənövşə teli qopsa könül sızlar rübab kimi,
Bu həyatın ümmanında hər ömür bir hübab kimi.

Qan ağlatdın ürəyimi, üstəlik də tənə vurma,
Sındırdığın bu şüşədən qan axar al şərab kimi.

Peyğəmbərin qılıncından deyirlər ay parçalanıb,
Tel altından üzün gülür qırılmış afitab kimi.

Saçlarının burma-burma sındırırsan, ey nazənin,
Gözlərimdə dalğalanır, sayrıyır bir sərab kimi.

Oynatdıqca saçlarının burumları xəyalımı,
Göz yaşlarım çəkiləydi tellərinə gülab kimi.

Bəsdir, sinəm sipər oldu min sərgüzəşt dalğasına,
Çıx bu evdən, silkələnir dünya xanəxərab kimi.

Sınıb dağılsa da dünya, sındırmaram peymanımı,
Su üstündə yad əlindən düşüb sınan bir qab kimi.

Mən ki könül şikəstəmi oxuyuram "Mahur" üstə,
İnildəyir Səba sazı şikəstəmə cavab kimi.

Uçuq, köhnə dəyirmana bənzərin var, ey Şəhriyar,
Təbin sənə qan ağladır çəkilməz bir əzab kimi.

Dodağından

O gecə ki, mən sorurdum qənd o yarın dodağıdan,
Göz yaşımı qəndlə içdim şux nigarın dodağından.
Dodağıma yetib indi dodağından ayrı canım,
Bir xoş xəbər eşidəydim xəbərdarın dodağından.

Sözün ki, can qiyməti var, qafil olma, dəli könül,
Söz almırsan, can alırsan bir qəmxarın dodağından.
Nə vaxtdandır öpməmişəm o qızılgül yarpağını,
Gül eşqiylə çox öpmüşəm tikanların dodağından.

Düsdüm hicran soyuğuna, ürəyimdə dərd ocağı,
Qara saçın tez ağardı vaxtsız qarın dodağından.
Həsrətinə can vermərəm, ümid varsa vüsalına,
Ölüm hökmü yoxdur hələ sitəmkarın dodağından.

Xəlvət gecə ikilikdə qəzəl dedik, gülqənd yedik,
Sanki şəbnəm səpilirdi ilk baharın dodağından.
Mən qocalmış bir ağacam, kəsilməmiş fəqət barım,
İçmişəm öz bar suyumu o novbarın dodağından.

Ayrılanda saçlarının ucu dəydi dodağıma,
Daddım hicran zəhərini cüt şahmarın dodağından.
İxtiyarım yoxdur mənim onsuz köçəm bu dünyadan,
Adı düşməz mənim təki ixtiyarın dodağından.

Qəzəl xoşdur hər oxuyan ondan dodaq şehdi içə,
Daha xoşdur eşidəsən gülüzarın dodağından.
Külək oğru an kimi bal qaçırmış ondan yəqin,
Çox eşitdim tərifini xoş rüzgarın dodağından.

Nə olsun ki, Çin müşküylo qara saçlar sığallanır,
O dodağın ətri getməz Şəhriyarın dodağından.

Ayın qucağı

Qara bulud arasında on dörd günlük ay tapmışam,
Asiman əzəlki deyil,billurdan saray tapmışam.

Yolum Allah səmtinədir,başqa bir yol tanımıram,
Allah qismətimdən savay hər nə tapsam,zay tapmışam.

Yanılmışam,bir ağ gülün gözündəymiş baxtım mənim,
Kipriyindən ox saçılan bir qaşları yay tapmışam.

Ah çəkirdim, könlüm quşu asimanda yalqız idi,
Göy ahımdan ayazıdı,yalqızıma tay tapmışam.

Dərd əlindən göz götürüb,əl üzmüşdüm bu dünyadan,
Baxtınuca yuvasında bir tapılmaz pay tapmışam.

Bir damcıya möhtac idim,qurumuşdu bağça-bağım,
Gulzarımı suvarmağa çeşmə nədir, çay tapmışam.

Şəhriyarın qapısını bir də döyməz dərdin əli,
Kölgəsi çiynimə düşən əfsunlu humay tapmışam.

Dördlüklər

Təklikdə bir dosta öyüd-nəsihət,
Onun xatirini əzizləməkdir.
Lakin yad yanında edilən töhmət,
Dostunu hörmətdən salmaq deməkdir.

Ey xəsis, ömrünü hədərə vermə,
İnləmə mal-dövlət çıxsa qarşına.
Ömr olsa, taparsan itən malını,
Ömr istə, tapmazsan onu malla sən.

Bir sıra adamlar heyvan kimidir,
Zahirdə qulağı, gözü olsa da.
Xəyalı bolluca yeyib-içməkdir,
Məsləki, inamı olmaz dünyada.

Təəccüb deyildir, iki şey üçün,
Bütün ömrü boyu dərd çəkər insan.
İtən cavanlıqdır biri, Əzizim,
O biri dost üçün çəkilən hicran.

Nadan dirisə də canlı ölüdür,
Onun vücudu da məzara bənzər.
Bilikdən güc alıb yaşamayanlar,
Başsız ölü kimi avara gəzər.

Şeir və hikmət

Hanı yer üzündə elə bir insan,
Şəhriyar, sən ona arxalanasan?
Qəlbi hünər dolu, özü mərd olsun,
Səhər Nəsimitək könlünə dolsun.
Silsin ürəyindən qəmi-qüssəni,
Qolundan yapışıb qaldırsın səni.
Son qoysun ömründə bu müsibətə,
Qədr-qiymət versin şeirə, sənətə.
Əlindən yapışıb, qəlbinə girsin,
Sənin ulağını çaydan keçirsin.
Məni qorxutmayır acından ölmək,
Qorxuram: faydasız yanan bir şamtək.
Tənha bir guşədə yanım, məhv olum,
Bir ovuc qum kimi yelə sovrulum.
Yox! Mənim od qəlbim bir bulaq istər,
Yaratmaq naminə yaşamaq istər.
Mən atdan düşsəm də, şahiddir aləm:
Yenə də atlanıb çapa bilərəm.
Öz yatmış bəxtirndən agaham özüm,
Uzaq üfüqlərə dikilib gözüm.
Nə yaylı çarpayı, nə bağ istərəm,
Nə də zər-zibalı otaq istərəm.
Mən aza qailəm, çoxda gözüm yox,
Nəfsimin gözünə batırmışam ox.
Nədir istədiyim? Bir həsir, bir şam,
Bir balınc, bir kuzə arzulamışam.
Bir az ay işığı, bir cam təmiz su,
Bir yaşıl söyüdün bahar qoxusu.
Bir parça çörəyin ağız ləzzəti,
Fəqət dünya boyda ilham qüvvəti!
İnan ki, o suyu, o çörəyi də,
O ay işığını, o küləyi də.
Havayı, məccani istəmirəm mən,
Əlimlə qopardıb yanar qəlbimdən,
Mən sizə od kimi sözlər verərəm,
Söz nədir, alovlu gözlər verərəm.
Misra verərəm ki, deşilməmiş dürr,
Hər biri qəlbimin döyüntüsüdür.
Yanar bir ürəkdə yaranan sözlər,
Fikrin şanəsilə daranan sözlər!
Bir söz ki, yolsuzu yola gətirən,
Bir qəlbdən çıxaraq min qəlbə girən.
Sədinin şeiritək dərdlərə dərman,
Hafiz qəzəlitək əbədi qalan.
Tutulmuş gözləri aça bilən söz,
İllərin üstündə uça bilən söz!
Yaxşını yaşadıb, pisi yandıran,
Namusu, qeyrəti qanadlandıran.
Yatmışı oyadan qüdrətli bir söz,
Ölünü dirildən şəfqətli bir söz.!
Bir söz ki, Firdovsi nərəsi kimi,
Döyüşdə azadlıq gülləsi kimi!
Düşmənin əlindən bayraq salan söz,
Haqqın ciyərilə nəfəs alan söz!
Bir söz ki, sulanmış xəncərə dönsün,
Atəşi namərdin başında sönsün!
Yumruğu dəmirə, daşa döndərən,
İnsanı havalı quşa döndərən.
Döyüş meydanına aparan bir söz,
Qəhrəman ürəkdə qəhrəman bir söz!
Şairəm, dinlə gör nə deyir ilham:
Mən söz xiridarı, söz sərrafıyam.
Dünyada hər kəsin öz sənəti var,
Şairin əlində söz sənəti var.
Şahiddir gecələr od tökən ürək,
Sözlər qələm ilə güləşən pələng.
Şair nərə çəkir qəhrəman kimi,
Pələnglə güləşən pəhləvan kimi.
Şairin həyatı - əbədi döyüş,
Bütün ömrün boyu hücum et, döyüş!
Sən özün bilirsən mənim əzizim,
İşimiz, gücümüz ayrıdır bizim.
Dünyada nə qədər iş var, sənət var,
Birindən yapışar aqil adamlar.
Hər kəs öz yerini tapsa həyatda,
Sanki xəzinə var başının altda.
Sevdiyin sənəti intixab etsən
Yoruldum deməzsən, nə qədər getsən.
Könül verdiyin iş ucaldar səni,
Könül vermədiyin qocaldar səni.
Sənin yüz sənətdən başın çıxsa da,
Birini sevirsən yəqin dünyada.
İnsanlar görmüşəm, üzlər görmüşəm,
Acizi məhv edən sözlər görmüşəm.
Yazığın, fağırın başından basan,
Zalımın döşündən ordenlər asan.
Nökərlər görmüşəm, söz nökərləri,
Boynuyoğunların öz nökərləri.
Mən onda sıyırdım öz qılıncımı.
Məslək qılıncımı, söz qılıncımı!
Yetər! Saxta sözlər! Yalançı sözlər!
Ömrü oğurlayan talançı sözlər.
Zövqün, hissiyyatın daşan camıtək,
Günəşlə, baharla doludur ürək.
Gəl, sənə bakirə sözlər verim mən,
Ürəkdə bəslənmiş gövhər verim mən.
Dursun gəlin kimi qarşında sənin,
Bir sevdaya dönsün başında sənin.
Bir muştuluq kimi səsləsin səni,
Bir ana qoynutək bəsləsin səni.
Həyatda hər şeyi unutsan da sən,
Onu eşq kimi əzbər biləsən.
Neyləyim, əlimdən ayrı iş gəlmir,
Mən şair yarandım, sadəcə şair.
Sənin səadətin sevdiyindədir,
Eşqi iliyində, sümüyündədir.
Ona gözlərinin nurunu ver sən,
Ona ürəyindən atəş içir sən.
Dünyada ən gözəl şah əsərləri

Yaratdı zəhmətin cəsur əlləri.
Zəhmətə arxalan, işə güvən sən,
Budur tərəqqinin yolu əzəldən.
Atalar nə qədər gözəl deyiblər,
Deyiblər: çörəyi çörəkçiyə ver.
Bizdən qabaqdadır avropalılar,
İşi iş bilənə tapşırır onlar.
Gətir xəyalına firəng dostları,
O cərrah bıçaqlı böyük Pastoru.
Volteri, Didronu xəyala gətir,
Onlar Fransanın əzəmətidir!
Volterin əlindən qələmini al,
Ona kamança ver, de, bir hava çal.
Kim bilir, bəlkə də alar, çalardı,
Fəqət bəşəriyyət onsuz qalardı.
Bu dərdlər mənimdir düşünsən əgər,
Qələm istəyirəm, sayğac verirlər.
Mənə nə idarə, nə möhür gərək,
Söz üstə odlanan bir ömür gərək!
Biz demirik şeir göydən enibdir,
O, insan əliylə qönçələnibdir.
Şeir mədəniyyət, incəsənətdir,
İncə ruh, incə zovq, incə sənətdir.
O da musiqitək qəlbin səsidir,
İnsanın ən böyük möcüzəsidir.
Sən təkcə torpaqda axtarma zəri,
Ürəkdə yaranır şerin gövhəri.
O tənqid etdiyin Avropaya bax,
Ədibə, şairə qiymət qoyaraq.
Gör hara ucaldıb söz rütbəsini,
Sənətin qranit abidəsini!
Havalı köhləntək baş aparma, dur,
Bəlkə kasa aşdan isti olubdur?
Anadan mehriban dayədir bəlkə?
Günəşsiz səmadır şeirsiz ölkə!
Şeir də insanın vuran əlidir,
Yaradan əlidir, quran əlidir.
Xor baxma şerə sən, şeir həyatdır,
Qartal ürəkliyə bir cüt qanaddır!
Kimin güclüdürsə şeiri-sənəti,
Onun əbədidir mədəniyyəti!

 

Ay artisti

Ay adlı artisti görsünlər deyə,
Aləm göz qırpmadan çəkir intizar.
Dünya bir salondur işıq, qaranlıq,
Orada gorünən, gizlənən də var.
Arxalı, çiyinli, ətəkli dağlar,
Vüqarla oturmuş lojalarda tək,
Ucalı-gödəkli sərv ilə qovaq,
Bəzənib düzülmüş cavan qızlartək.
Budaqlarsa dəcəl uşağa bənzər,
İrəli keçməkçin bir-birin əzər.
Gözəl pəri kimi damın dalından
Bəyaz əndamıyla ay ki, boylanır,
Deyərsən ki, Babil sehrkarıdır,
Bir anda quyudan göyə tullanır.
Halədən tor salıb dilbər üzünə,
Tutub çevrəsini mavi dalğalar.
Gecənin yoluna odur nur saçan,
Gecə ilə ayın bir dastanı var.
Hüsnünün tərifi yetişməz başa,
Bütün dünya edər aya tamaşa.
Utancaq qız kimi addımlayaraq,
Səhnəni hüsnüylə işıqlandırır.
Zöhrə rübabını basıb bağrına,
Musiqi səsini dalğalandırır.
Nahidin, Pərvinin qızır dabanı,
Məclisə rəqs ilə gəlir yaraşıq.
Qəfldən elə bir ildırım çaxır,
Aləmi bit anda çulğayır işıq.
O qara hayillər qırılır, qopur,
Dağın arxasına tökülür bütün.
Ayın güzgüsündə, demək, təbiət,
Saçını pərişan görmüşdür bu gün;
Hüsnünü aləmə göstərsin deyə,
Saçını toplayıb, atır geriyə.
Dəryada dalğaya bənzəyir mehtab,
Yayılır hər yana naqus səsitək.
Sanki sirr gizlədən bu qoca dünya
İstəmiş sirləri açıb göstərmək,
Böyük əzəmətlə çəkilir pərdə,
Ruhları sarsıdır bu toy, bu büsat.
Salon səhnə ilə birləşmiş artıq,
Salon heç səhnədən qalarmı, heyhat?
İkisi qovuşub günəş camıtək,
Verir əbədiyyət hüsnünə bəzək.
Dünyanın gözünü çulğamış yuxu,
Duyur meşə, dəniz, dağlar da qorxu.
Təbiət rəngarəng bir filmə bənzər,
Sular daş guzgüdür, salınsa nəzər.
Suda qırılmışdır ayın aynası,
Dağılmış hər yana şüşə parçası.
Geyinib yamyaşıl ipəkdən paltar,
Özünə vermişdir bəzək ağaclar.
Rəqs edir vəcd ilə yarpaqlar, budur!
Onların tük qədər nöqsanı yoxdur.
Əsdirir zülfünü rəqqasə nəsim,
Verir zəncir kimi rəqsinə tənzim.
Şəhər bir ala at rəngini almış,
Heyrətə qərq olub, sükuta dalmış.
Susaraq baş-başa vermiş daxmalar,
Sanki ney səsiylə bir sürü yatar.
Şəhərin üstündə ildırm çaxar,
Deyərsən, ləl dolu bir çaydır axar.
Bir təpə üstündə otursan əgər,
Şəhər gövhər dolu dəniz görünər.
Sayələr əlinə qələmi almış,
Xəyal pərdəsinə naxışlar satmış.

Yalan dünya

Sənin bəhrən yeyən kimdir?
Kiminkisən? Yeyən kimdir?
Sənə doğru deyən kimdir?
“Yalan dünya, yalan dünya!”

Səni fərzanələr atdı,
Qapıb divanələr tutdu,
Kimi aldı, kimi satdı,
Satan dünya, alan dünya

Atı əzəl dağa saldıq,
Yorulduqca dalı qaldıq.
Atı satdıq, ulaq aldıq,
Yəhər oldu palan, dünya.

Çatıb səndən keçən keçdi,
Əcəl camın içən keçdi,
Olan-oldu, keçən-keçdi,
Nə istirdin alan dünya.

Boğulaydın doğan yerdə,
Doğub, xalqı boğan yerdə,
Oğul nəşin oğan yerdə
Ana zülfün yolan dünya.

Qazanıb, hey talanıbsan,
Qalanıb hey calanıbsan,
Əzəldən çalxalanıbsan,
Yenə də çalxalan, dünya!

Nənə qarnı ilk beşiyin,
Qəbristanlıq sən deşiyin.
Nə içərin, nə eşiyin,
Qaranlıq bir daları dünya.

Səni bayquşlar alqışlar,
Dəli viranəni xoşlar.
Dolan əqlə səni boşlar,
İçi boşla dolan dünya.

ənə Qarunlar allandı,
Qızıldan təlli qallandı,
Batıb zülmatə quylandı,
Ölüb təlli qalan dünya.

Ocaq ikən sönəymişsən,
Çanaq ikən çönəymişsən,
Nə pis qan nənəymişsən
Nağıl! Yalan-palan dünya.

Biri ayna, biri pasdır,
Biri aydın, biri kasdır,
Gecə toydur, səhər yasdır,
Gül içində solan dünya.

İgidlərin başın yeyən,
Qocalar bozbaşın yeyən,
Qəbirlərin daşın yeyən,
Özü yenə qalan dünya!

Nə qandın, kim gül əkəndir?
Kim qılınc tək qan tökəndir?
Teymur hələ kürəkəndir,
Çingiz canın alan dünya.

Yaman qurğu, yığılaydın!
Tufanlarda boğulaydın!
Noleydi bir dağılaydın,
Bizi dərdə salan dünya.

Rübailər və Dübeytilər

İtibdir cavanlıq, ömür dostları
Hey onu gəzirlər tapsınlar barı.
Səbada od ilə sazı apardı,
Bitdi gül ömrünün qısa baharı.

Şikəstə bülbüləm - çəmənə laqeyd,
Bir xəlvət şamıyam - gələnə laqeyd,
Xalqa yad söyləmək insafdan deyil,
Xalq dostdur, söylənsin qoy mənə laqeyd.

Bu dünya bağından ehmal keç, ürək,
İnsafa arxalan, xoşhal keç, ürək,
Sıxılsan qonaq ol eşq meşəsində,
Sevdadan orada zövq al keç, ürək.

Xatirədən başqa dost yox həyatda,
Külək də tanımır bir kəs bu adda.
Möhnətlə, qocalıq olurkən abad,
Gənclik külə döndü Behcətabadda.

Birdir gülüşündə nəğmə ilə saz,
Mənim də naləmdə ney ilə niyaz,
Dilimdə səslənir Səba və Nima;
Qovuşub qəzələ yanğı ilə saz.

öyərçin qanadlı, mən qanadsızam,
Onun dərdi ilə təkəm, yalqızam.
Səba pəncərədən baxsaydı əgər,
Görərdi nə gimə qalıbdır əyyam,

Gecikdi dərmanın könül, işin tərs,
Bu zəngin aləmdən tez doydun əbəs,
Qocaların qəlbi cavan qalırkən,
Sən niyə qocaldın gənc çağında bəs?

Mənə gərək deyil həyat şərbəti,
Nə də bir əbədi ömrün sərvəti,
Həbibin vəslinə yetişsəm, bir də
Düərəm gəncliyi, saf məhəbbəti,

Bu gecə yenə də eşqinlə məstəm,
Saqi, gəl vermə cam, əl saxla bır dəm,
O mələk çöhrəli girib yuxuma,
Hicrində ölmərəm, ölən deyiləm.

İçib arzu, xəyal alovlarını,
Sübh olcaq kəsirəm arx kənarını,
Reydən Nişabura əsərkən külək,
Müşk ətrindən duyur könül yarını.

Əvvəlki deyildir o sərv qəddin,
Can alan gözləri söylə, neylədin?
Hüsnün də itirib təravətini,
Mənim eşqim isə həmindir, həmin.

Hələ xatirəndən əl çəkməmişəm,
Gözünü andıqca hey artır nəşəm,
Əgər xəbər alsan halımı, canan,
Qəminlə can çəkmək olubdur paşam.
 

Yandırdı qəlbimi şam kimi o yar,
Qəmlərin dərmanı - gül dodağı var,
Bu gün qəm sirdaşı tapmadığımdan
Onun xəyalilə yar oldum naçar.

Bir gecə şəhərdən uzaq yataydım,
Məcnunla çöllərdə ülfət qataydım,
Ey gözüm, görəydin o Leylamızı,
Mən də bir xəyalən ona çataydım.

Dolu bir cam kimi dayanıb lalə,
Qəlbim qəm meyinə olub piyalə,
Nəsimdən dağılan pərişan teltək
Dalmışam kədərlə min bir xəyalə.

Şıltaqlıq eləyib hərdən haq-nahaq
Tez-tez üzr istərdi anadan uşaq,
Anası üstünə hirslənən zaman
Kimə sığınardı? Anaya ancaq.

Ömür kölgəydimi, zülmət əritdi?
Ya ki, bir gecəlik qonaqdı, getdi?
Qarışıq görünən yuxuydu bəlkə?
Bəlkə bir şimşəkdi - üfüqdə itdi?

İlahi, bir nur saç sən gözümüzə,
Səfa ver, saflıqla gül üzümüzə,
Doyduq bu zülmətdə ləkələnməkdən,
Parlayan bir günəş bağışla bizə.

Yoxdur vətənimdən başqa vətənim,
Orda da tapılmaz həmdəmim mənim.
Bəlkə də sirrimi qəbrə söyləyim,
Bir məhrəm kəsilsin mənə kəfənim.

Qəmliyəm, qəmxar yox, qəfəs də dardır,
Artığam, dünya da məndən bizardır.
Qala divarları kəsib arxamı,
Yarəb, qəfəs də dar, nəfəs də dardır.

Sel gəldi, dostları məndən qopardı,
Bahar büsatımı pozub apardı,
Gözüm üstlərində yaz bulududur,
Dürr tökər, sanmayın yağışla qardı.

Kəsdi ömrümüzü dövrün zəhəri,
Bir də acı dilin ölüm bəhəri,
Bədən bir zindandn, can qəfəsdədir,
Ölüm, gəl, qurtarsın həyatın şəri.

İnsana xoş gələr tərif olsa saf;
Xislətlər ölçüdür, vicdansa sərraf,
Varsa bu nemətin, şükr et, peyğəmbər:
"Dinin yarsıdır", demişdir, “insaf”.

Namus insan üçün oyuncaq deyil,
Bir çəmən gülödür – yəqin eylə, bil.
Qadın bir anadır bəşəriyyətə,
Önündə təzim et, ədəblə əyil.

Yaşamaq istəsək bir ömür əgər,
Onu da sərt ölüm kamına çəkər.
Bu yer də, o göy də dolanır bir cür,
Dəyişməz bu həyat heç zaman məgər?

Səri verdin aləmə ibrət, musiqi,
Yorardı insanı qəflət, musiqi,
Dinlərkən bu yorğun ürəklər səni,
Veirirsən onlara cənnət, musiqi.

Mələktək qazanıb səma, Şəhriyar,
İstər nadan ağzı yuma Şəhriyar,
Əbədi eşq ilə vurduqca qəlbi,
Yaşayar hər yerdə hüma Şəhriyar.

Əczaçı, məlumdur ki, dəva satır,
Xanəndə oxuyur, xoş səda satır.
Nəfəs almaq üçün bağa gedəndə,
Biri də biletlə boş hava satır.

Vurğunluq

Mən ki, rindəm, dolu peymanələrin vurğunuyam,
Yenə məstəm, gözü məstanələrin vurğunuyam.

Aşiqin şöhrəti və izzəti rüsvaylıqdır,
Mənəm aqil ki, bu divanələrin vurğunuyam

Ay üzün haləsini çəkdi bu rindanə könül,
Qəlbi sevda dolu rindanələrin vurğunuyam.

Bu sərv qamətinə məclisimiz səcdə qılır,
Sən kimi sevgili cananələrin vurğunuyam.

Çırağı hüsnün imiş əhd-vəfa qəsrimizin,
Oda yanmış dəli pərvanələrin vurğunuyam.

Saçmın uclarıtək hərcayidir məst ürəyim,
Yurdu anmam daha, viranələrin vurğunuyam.

Hansı Şirin gözəlin böylə şirindir dodağı,
Mən də Fərhad kimi mərdanələrin vurğunuyam.

Kaş ki, şahmar saçın bir dolana boynumuza,
Vəslin əfsanədir, əfsanələrin vurğunuyam.

Bənzəyir kəc fələyə, daşlara vur minam,
Sanma göy rəng ilə kaşanələrin vurğunuyam.

Şəklini gördü qədəhdə gecə meyxanə piri,
Gözəl əfsun ilə piranələrin vurğunuyam.

Dodağın şəhdini çəkmiş sözü bu Şəhriyarın,
Noğul olmuş belə dürdanələrin vurğunuyam.
 

Zamanın Saqisi

Hicrinin gəldi qəmi könlümü bir gün sorağa,
Lalənin qəlbini dərdim boyadı qarə dağa.
Gözümün yaşı axıb hər yana ki, oldu rəvan,
Unudub qəmli qəmin, qəlbimi gəldi sorağa.
Ümidim tazə gül açmaqda idi qönçə kimi,
Xəzan oldu hamısı, doldu sinəmdə bu bağa.
Zamanın gərdişi saqim olaraq, əldə qədəh
Qanla dolmuş qədəhi başladı o paylamağa.
O gözəl üz ki, gözümdə çırağa bənzər idi,
Qeyb olub döndü gözümdə yenə sönmüş çırağa.
Zülfünün ətri ki, əvvəl mən ilə munis idi,
Sonradan qan qoxuyub, saldı özündən uzağa.
Sənlə xoş günlərim olmuşdu, unutmam onu mən,
Tapşıra bilmərəm o günlərimi mən fərağa.
Şəhriyar, indi gülün soldu, düşüb torpağa o,
Bir də dağ çəkdi bu dağ lalədəki köhnə dağa

Həyatın əfsanəsi

Aşiqlər eşqdə udmaz, bunu aşiq olandan sor,
Fələyə əl aparmaqçün de kimdə vardır imkan, sor.
Cavanda iddia varsa, qocalarda peşimanlıq,
Gecənin məstini ancaq səhər xumar qalandan sor.
Qərarı yoxdu dövranın, necə gör biqərardrr o,
Bunu dostlar sinəsində olan dağdan, nişandan sor.
Soyuq daşlar kimi indi yatın siz də, ayıq gözlər,
Gecənin qanlı röyasın gecə bidar olandan sor.
Gözün, qəlbin qəmin bilməz inan mərdümgiriz insan,
Gözüm yaşımla qəlb ahım yağışdan sor, borandan sor.
Bu bəxtin dilbəri heç kəslə tənha qalmayıb əsla,
Nağıldır bu gəlin dilbər, bunu sorsan cahandan sor.
Günəş baş qaldırar hər sübh üfüqdə odlu köhlənlə,
Bu nurun ordusun sorsan fəqət sən o səvardan sor.
Fələk əymiş belim daim, pıçıldar astadan, xəlvət,
Cavansan, bəxtini ancaq zamandan, ruzigardan sor.
Rəqabət bağçasında bir fidan əksən bəhər verməz,
Məhəbbət bağına yol sal, bu işi bağıbandan sor.
Zaman viran edir hətta sarayi-təxti-Cəmşidi,
Bunu tarixdən öyrən sən, bizə miras qalandan sor.
O kərpiclər Cəmin camı, ya da İskəndər aynası,
Ya da Dara kimi şahdan, bizə qalmış nişandan sor
Yenə də Xacənin şerin bu axşam yada saldım mən,
Keçib öz ordusuyla Zindəruddan yol salandan sor.
Ölüm hökmün fələk vermiş, bizə hər bir yaranmıştək,
Xəzanın lalə, nəsrinin bahar vaxtı tufandan sor.
Azadlığa məsəl olmuş qafın ardındakı vadi,
Əgər simurğu sən sorsan fəqət get o məkandan sor.
Camalın müddəilərdən həmişə gizlədib canan,
Soraq al xəlvət əhlindən, bu razı razdardan sor.
Fəqirin bəxtinə düşməz gedib Şiraza yetsin o,
Gəl onda Təbrizə, halım soruşsan, Şəhriyardan sor.

Vətənə qayıdarkən

Yenə qanadlanıram mən vətən havası ilə,
Necə qanadlanar hər quş bahar yuvası ilə.

Vətən sarı yeriyən qafilə dağı oyadır,
O şad xəbər gətirən zənglərin sədası ilə.

O doğma yurda yetişsəm, ürək də hiss edəcək,
Axı Xütən qoxuyur yurdumun havası ilə.

Ona şükür edirəm, yar ilə diyarə yetib,
Qovuşmuşam yenə də dostların vəfası ilə.

Vəsalət istəyirəm qəhrə getmiş eşqin üçün,
Necə ki, tövbəni rind sındırar rizası ilə.

Açıbdı bülbülə bənzər təbim yenə dəhənin
Ki, qönçələr açılar nəğmənin nidası ilə.

Nə xoşdu nəğmələrim birləşə bahar yelinə,
Çəməndə rəqs edə güllər onun səfası ilə.

Nədəndi gül şaxına qonmağa cəsarəti yox
O bülbülün ki, qalıb hicranın cəfası ilə.

Fəqət nə fayda ki, hər yerdə üzbəüz oluram
Bu hiyləgər fələyin mən yenə cəzası ile.

Köçüb gedən o əziz dostların yeri görünür,
Sədaları qarışıb çöllərin nəvası ilə.

Gətirdi oğlunu Kənana nalə ilə Yəqub,
Fəqət məzarda görüşdü oğul atası ilə.

Gözümdə qətrələnən yaş deyil, ürək qanıdır,
Əqiqə bənzəyir o, rəngi, həm bəhası ilə.

Bacılarım yığılıb dövrəmə bir halə kimi,
Necə ki, halə salar dövrə ay ziyası ilə.

İnan ki, Şəhriyarın qəlbdən qəmi silinər
Fəqət bu doğma, əziz torpağın dəvası ilə.

Sənin Ayrılıq gecən

Sən bahardan da gözəlsən, gözümdə bil, gözəlim,
Səni görməzsə açılmaz bu çəmən, çöl, gözəlim!
Qoyma hicrində ürək şan-şan ola, yalvarıram,
Gəl vüsalınla üzümdən bu qəmi sil, gözəlim!
Gözlərimdə qaralır dünya o qaşın kimi, bil,
Mənə şəkk eyləmə sən, şəkk eləmə gəl, gözəlim.
Tel-tel ağlar kamanım seyrə çıxa sərvi-rəvan,
Bəlkə çaylardı axar, yoxsa coşar sel, gözəlim.
Qızarar çöhrəni görcək necə də gör lalə,
Bənövşə, lalə kimi yox həyalı gül, gözəlim.
Hər baxanda utanar gözlərim əsmər üzünə,
Qara zülfün işığında gəzim el-el, gözəlim.
Kaş ki tərk eyləməsin ömrümü o qarə telin,
O qara tel çiləyər ömrümə nur, bil, gözəlim.
Mən nə çəkdimsə, o dan ulduzu şahiddi buna,
Yatmaram sübhə kimi, baxəbər ol, ol, gözəlim.
Gözlərimdən silinib surətin əsla getməz,
Sevgi ağlarsa, ovutmaz onu heç dil, gözəlim.
Bu rəvan təbimi gendən-genə duydun, bildin,
Onu hicrinə edərsən niyə bəs kül, gözəlim?
Yenə də qarə qaşın qəsdimə dursun, dözərəm,
Baxışınla günümü qarə elə gəl, gözəlim.
Şəhriyarın gözü dolsun yenə qoy yaşlar ilə,
Bu şəhərdə sənə mən bağlamışam bel, gözəlim.

Azərbaycan

Könlüm quşu qanad çalmaz sənsiz bir an, Azərbaycan,
Xoş günlərin getmir müdam xəyalımdan, Azərbaycan!

Səndən uzaq düşsəm də mən, eşqin ilə yaşayıram,
Yaralanmış qəlbim kimi, qəlbi viran Azərbaycan...

Bütün dünya bilir, sənin qüdrətinlə, dövlətinlə
Abad olub, azad olub mülki-İran, Azərbaycan!

Bisütuni-inqilabda Şirin - vətən üçün
Fərhad Külüng vurmuş öz başına, zaman-zaman, Azərbaycan!

Vətən eşqi məktəbində can verməyi öyrənmişik,
Ustadımız deyib: heçdir vətənsiz can, Azərbaycan.

Qurtarmaqçün zalımların əlindən Rey şümşadını,
Öz şümşadın başdan-başa olub al qan, Azərbaycan!

Varəb, nədir bir bu qədər ürəkləri qan etməyin,
Qolubağlı qalacaqdır nə vaxtacan Azərbaycan?

İgidlərin İran üçün şəhid olub, əvəzində
Dərd almısan, qəm almısan sən İrandan, Azərbaycan!

Övladların nə vaxtadək tərki-vətən olacaqdır?
Əl-ələ ver, üsyan elə, oyan, oyan, Azərbaycan!

Bəsdir fəraq odlarından kül ələndi başımıza,
Dur ayağa! Ya azad ol, ya tamam yan, Azərbaycan!

Şəhriyarın ürəyi də səninkitək yaralıdır,
Azadlıqdır mənə məlhəm, sənə dərman, Azərbaycan!

Tarım mənim

Sızlayır əhvalıma sübhə qədər tarım mənim,
Təkcə tarımdır qara günlərdə dildarım mənim.

Çox vəfalı dostlarım vardır, yaman gün gəlcəyin,
Tardan özgə qalmayır yari-vəfadarım mənim.

Yer tutub qəmxanədə, qıldım fəramuş aləmi,
Mən tarın qəmxarı oldum, tar qəmxarım mənim.

Gözlərimə hər təbəssüm sancılır neştər kimi,
Kipriyi xəncərdi, ah, ol bivəfa yarım mənim.

Asiman aldı kənarımdan ay üzlü yarımı,
Yaş tökər ulduz kimi bu çeşmi-xunbarım mənim.

Ey bu qəmli könlümün tabü-qərarı, söylə bir,
Əhdi-peymanın nə oldu, noldu ilqarım mənim?

Şəhriyaram, gərçi mən söz mülkünün sultanıyam,
Göz yaşımdan basqa yoxdu dürri-şəhvarım mənim.

Cənnət quşu

Mənimlə bir gecə, aydan gözəl yarım, səhər etdin,
Günəştək aşiyanımdan səhər vaxtı səfər etdin.

Gəlir ətrin şəbistani-vəfadan indi də hər an,
Gecə şamtək ətir saçdın, mənim ilə səhər etdin.

Səfa verdin bu dərvişə, olum kuyində mən qurban,
Böyük sultan idin dərvişə, canan, xoş nəzər etdin.

İki quş tək qucaqlaşdıq, məhəbbətlə, fəqət əfsus,
Humayım, sən səhər uçdun, məni bibalü pər etdin.

Uçub göylərdə sən seyr eyləyirkən bir kiçik quşdun,
Neçin torpaqdakı zindan yuvama sən güzar etdin?

Mənə munis baxışlarla baxıb bir başqa tədbir tök,
Mənim bünyadımı baxmaqla son zirü zəbər etdin.

Gözün yadilə vəhşi laləyə mən munis olmuşdum,
Qəzalım dağlara saldm, işimi qəm-kədər etdin.

Səmavi gözlərinlə ilk görüşdə bir dəfə baxdın,
Mənə eşqin cahanında nə vardırsa xəbər etdin.

Anamçın ağlaram hər an onu mən yada saldıqca,
Ata yurdundan, ay canan, bu tifil dərbədər etdin.

Alıb Leyli sorağını tozundan karivanın mən,
Məni Məcnun kimi tozlar içində bisipər etdin.

Nə atəşpara idin könlümün iksiri, şimşəklə
Paxır tutmuş misi sən döndərib bir anda zər etdin.

Bütün aləmdə indi, Şəhriyar, şerin sevilmişdir,
Olub şeyda qocaldıqca, sözünlə çox hünər etdin.

Dünya nə yaman tapmacadır

İl keçdi, bahar oldu, xəbər yox gülümüzdən,
Gül açmadı, qovzanmadı səs bülbülümüzdən.
Bayram günümüz yaslı görüşlərlə keçərkən
Şadlıq nə umaq biz ayımızdan, ilimizdən.

Təqvim ala bilməm ələ, gördüm mənə təqvim
Gözdağı ki, Təqvimi də getdi əlimizdən.
Biz bağçamızı belliyə billik? Daha heyhat!
Nomid əcəlin beldarı vurmuş belimizdən.

Təqvimi olardandı ki, yaddan çıxa bilməz,
Yaddan necə çıxsın, adı düşmür dilimizdən,
El içrə başı bir yerə gahdan o yığardı,
O getdi, yığıncaq da yığışdı əlimizdən.

Sərsamdı qalan bizlərə bu sam yelimizdən.
Dünya nə yaman tapmacadır, baş çıxaran yox,
Biz baş tapaq ancaq bu qubul-mənqəlimizdən.
Təqvimi kimi düz kişi? Heyhat, tapılmaz,

Bir şəm idi ki, köçdü bizim məhfilimizdən.
Üç nazlı bala, həmsərilə qaldıla başsız,
Yansaq da, od əl çəkməyəcəkdir külümüzdən.
Bir Kafiyə ondan bacan yadigar olsun,

Baş yolmada, bir teldi qalan kakilimizdən.
El bir də desin: "Sel Saranı qapdı, qaçırtdı".
Ağlaşdı buludlar da bu daşqın selimizdən.
Bir məzrəədir Şəhriyarın ömrü, nə hasil?

Sel qoymuri bir çöp də qala hasilimizdən.
Yoldaş səpələndi, elə bil sam yeli əsdi.

Türkün dili

Türkün dilitək sevgili, istəkli dil olmaz,
Ayrı dilə qatsan bu əsil dil əsil olmaz.
Öz ləfzini farsa, ərəbə qatmasa şair,
Şerin oxuyanlar, eşidənlər kəsil olmaz,

Şerin gərək ehsas ilə riqqətlə qanşsın,
Kənd əhli bilirlər ki, doşabsız xəşil olmaz.
Məndən də nə zalım çıxar, oğlum, nə qisasçı,
Bir dəfə bunu anla, ipəkdən qəzil olmaz.

Ötməz, oxumaz bülbülü salsan qəfəs içrə,
Dağ-daşda doğulmuş dəli ceyran həmil olmaz.
Sözlər də cəvahir kimidir, əsli bədəldən
Təşxis verən olsa, bu qədər zir-zibil olmaz

Sağ gündə dolar taxta-tabaq ədviyə ilə,
Onda ki, nənəm sancılanar, zəncəfil olmaz.
Şair ola bilməzsən, anan doğmasa şair,
Missən, a balam, hər sarıköynək qızıl olmaz.

Çox da ki, Sərabın suyu var, yağ, balı vardır,
Başı ərşə də çatdırsa, Sərab Ərdəbil olmaz.
İnsan odu, tutsun bu zəlil xalqın əlindən,
Allahı sevərsənsə, bu insan zəlil olmaz.

Millət qəmi olsa, bu cocuqlar çöpə dönməz,
Ərbablarımızdan da qarınlar təbil olmaz.
Məndən də nə zalım çıxar, oğlum, nə qisasçı,
Bir dəfə bunu qan ki, ipəkdən qəzil olmaz.

Düz vaxtda dolar taxta-tabaq ədviyyə ilə,
Onda ki nənəm sancılanar, zəncəfil olmaz.
Fars şairi çox sözlərini bizdən aparmış,
Sabir kimi bir süfrəli şair pəxil olmaz.

Türkün məsəli, folkloru dünyada təkdi,
Xan yorğanı kənd içrə, məsəldir, mitil olmaz.
Bu Şəhriyarın təbi kimi çimməli çeşmə
Kövsər ola bilsə, demirəm, Səlsəbil olmaz.